İSB-nin yenilənmiş internet səhifəsi təqdim edilib
İcbari Sığorta Bürosunun (İSB) yenilənmiş internet səhifəsi – www.isb.az media nümayəndələrinə təqdim edilib.
Bunu “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, saytın yeni dizayn və təkmilləşdirilmiş strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.
"Yenilənmiş veb səhifədə naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib və funksionallığı genişləndirilib. Bununla yanaşı, 4 yeni elektron xidmət – “Bonus-Malus əmsalı üzrə onlayn müraciət”, “Radar cəriməsi üzrə onlayn müraciət”, “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” və “Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət” istifadəyə verilib ki, bu da xidmətlərin daha operativ və səmərəli göstərilməsinə imkan yaradır", - o qeyd edib.

