Kredit götürənlərin NƏZƏRİNƏ - Bu gündən qaydalar dəyişir

Kredit götürənlərin NƏZƏRİNƏ

Bu gündən bank və bank olmayan kredit təşkilatlarından (BOKT) onlayn istehlak krediti götürənlərə vəsait dərhal verilməyəcək. Kreditin məbləğindən asılı olaraq 2 və ya 24 saat gözləmə müddəti tətbiq olunacaq.

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) banklarda və BOKT-lərdə kredit risklərinin idarə edilməsi qaydalarına etdiyi dəyişikliklərdə nəzərdə tutulub. Müvafiq qərarı AMB-nin sədri Taleh Kazımov aprelin 28-də imzalayıb.

Yeni qaydalara əsasən, məsafədən istehlak krediti müqaviləsi bağlandıqda və ya kredit limiti artırıldıqda müştəri əvvəlcədən məlumatlandırılmaqla vəsait aşağıdakı müddətlərdə veriləcək:

- Gün ərzində verilən və ya artırılan vəsait minimum əməkhaqqının 2 mislinədək olduqda — müqavilənin bağlanmasından və ya dəyişdirilməsindən 2 saat sonra;

- Məbləğ minimum əməkhaqqının 2 mislindən çox olduqda — müqavilənin bağlanmasından və ya dəyişdirilməsindən 24 saat sonra.

Dəyişikliklər müştərilərə öz adlarına onlayn istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin məsafədən artırılmasına məhdudiyyət qoymaq hüququ da verir. Bank və BOKT-lər müştərinin yazılı müraciəti əsasında bu imkanı bütün satış kanalları üzrə təmin etməlidirlər.

Məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Kredit təşkilatı öz informasiya sistemində belə məhdudiyyət aşkar etmədikdə, onun olub-olmadığını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalıdır. Məhdudiyyət mövcuddursa, həmin şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamağa və ya kredit limitini məsafədən artırmağa icazə verilmir.

Məhdudiyyət qoymuş şəxsin adına bu əməliyyatlar üçün müraciət daxil olduqda isə müştəri mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandırılmalıdır.

Yeni qaydalarda borcalanın öhdəlikdən azad edilməsi də nəzərdə tutulur. Belə ki, gözləmə müddətinə dair tələb pozulmaqla kredit verildikdə və ya limit artırıldıqda borcalanın həmin vəsait üzrə öhdəlikdən azad olunmasını nəzərdə tutan müddəa istehlak krediti müqaviləsinə daxil edilməlidir.