Ötən il İcbari Sığorta Bürosu tərəfindən 749 min manat kompensasiya ödənilib

Ötən il İcbari Sığorta Bürosu tərəfindən

“İcbari sığortalar haqqında” Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir. 

2025-ci ildə İSB-yə kompensasiya ödənişləri ilə bağlı  398 müraciət daxil olub.  Bu müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla, ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata keçirilib. 

Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda (iflas etmiş sığorta şirkəti) təmin edilir. 

Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən əldə edə bilərsiz.