Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Müşahidə Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Xalq artisti Alim Qasımov iştirak ediblər.
İlk olaraq Fondun 2025-ci il üzrə 11 aylıq fəaliyyətinə dair hesabat təqdim edilib. İdarə Heyətinin sədri Rəhman Hacıyev hesabatla bağlı məruzə ilə çıxış edərək ötən dövr ərzində Fond tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr, maliyyə göstəriciləri, həmçinin qarşıda duran prioritetlər barədə ətraflı məlumat verib.
Daha sonra Şuranın sədri Mikayıl Cabbarov gündəlikdə olan digər məsələləri - QDF-in Müşahidə Şurasının tabeliyində Audit Komitəsinin yaradılması, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı yeni İnvestisiya qaydalarının hazırlanması, Fondun cari il üzrə kənar maliyyə auditorunun təyin edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb. Eyni zamanda, iclasda “Qarabağ Dirçəliş Fondunun 2026-cı il üzrə büdcəsi”nin təsdiq edilməsi məsələsinə də baxılıb.
Qeyd olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.
Eyni zamanda, Müşahidə Şurasının üzvlərinə Fonda təqdim edilən və hazırda təhlil olunan yaşıl enerji, aqropark və istehsalat zonasının yaradılması layihələri ilə bağlı da ətraflı məlumat verilib.

