Restoranlar buna görə cərimələnə bilər – Servis haqqı ilə bağlı qayda
Bu yaxınlarda Türkiyədə və Qırğızıstanda restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan edilib.
Qırğızıstan hökumətinin yeni qərarına görə, bütün xərclər menyuda və ya qiymət siyahısında göstərilən qiymətə daxil edilməlidir.
Ölkəmizdə də bu mövzu zaman-zaman gündəmə gəlsə də, qarşısının alınması istiqamətində hər hansı bir addım atılmayıb.
İqtisadçılar hesab edir ki, sevis haqqının ləğvi ümumi qiymətlərdə artımla nəticələnə bilər.
Ölkə.Az məsələ ilə bağlı Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə soğru ünvanlayıb. Qurumdan soğrumuza cavab olaraq bildirilib ki, müştəriyə göztərilən əlavə xidmətlərin dəyəri menyuda göstərilməlidir:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, ictimai iaşə obyektlərində (restoran, kafe və s.) göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı təklif olunan xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri, istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept) barədə istehlakçıya məlumat verməlidir. İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu vasitəsilə çatdırılmalıdır.
İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir”.
Dövlət Agentliyi qanuna əsasən, sahibkarların qiyməti müəyyənləşdirmək hüququna malik olduğunu xatırladıb:
“Eyni zamanda bildiririk ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Servis haqqı menyuda, qiymət cədvəlində və ya hesabda açıq şəkildə göstərilməlidir. Əgər bu məlumat əvvəlcədən istehlakçıya bildirilməyibsə, servis haqqının tutulması qanunsuz sayılır və bu hal istehlakçının xidmətin hesabına görə aldadılması hesab olunur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə, həmçinin istehlakçıların malın hesabına dair aldadılmasına görə məsuliyyət nəzərdə tutulub.
İstehlakçılara ictimai iaşə obyektlərində məhsul və xidmətlər barədə ətraflı və düzgün məlumat öncədən təqdim edilmədikdə, istehlakçılar ictimai iaşə obyektlərinin dəqiq adını və ünvanını qeyd etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər”.

