Yeni qaydalar kasko sığortanı bahalaşdıracaq? – AÇIQLAMA
Yaxın vaxtlarda kasko sığortası ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini nəzərdə tutur. Bu dəyişikliklər sığorta qiymətlərinin artıb-artmayacağı məsələsin aktuallaşdırıb.
Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert Emil Ağabağırov bildirib ki, yeni qaydalarda sığorta tariflərində hər hansı bir dəyişiklik yoxdur.
Onun sözlərinə görə, sadəcə avtomobilin dəyərinə görə qiymətlərdə müəyyən fərq edir və bu da qiymət artımı kimi qəbul edilir:
“Əslində qiymət artımı sığorta tarifləri ilə bağlı deyil. Sadəcə, məsələn, daha əvvəl bir vətəndaş sığortaladığı 20 min manat dəyərində olan avtomobilə görə 300 manat ödəyirdisə, indi artıq avtomobilini dəyişib, elektromobil və yaxud plugin-hibrid və ya yeni nəsil avtomobil alıb. Bilirsiniz ki, bu avtomobillərin qiyməti 20 min manatdan başlayaraq dəyişir. Tutaq ki, bir nəfər 25 min, 30 min manatlıq bir maşın alıbsa, artıq 30 min manatlıq avtomobilə görə 600 manat ödəməli olur və hesab edir ki, artıq qiymət qalxımı var”.
Ekspert qeyd edib ki, sığorta şirkətlərində də bu gün kasko sığorta növü üzrə ümumi yığımda artım müşahidə olunur: “Müqayisə edəndə baxırıq ki, daha əvvəl 12-15 min manatlıq avtomobillərin sığortaları var idi. Artıq ölkəmizə kifayət qədər yeni nəsil avtomobil gəlib ki, onların da qiymətləri 20-30-40 min manat civarında və ya daha bahadır. Bunların da təbii ki, kasko qiymətləri fərqlidir”.
“Ümumiyyətlə əvvəl də belə idi ki, kasko sığorta avtomobilin qiymətinə görə hesablanırdı və avtomobilin qiyməti nə qədər yüksək olursa, vətəndaş o qədər çox pul ödəyirdi. Yeni qaydalarda da tariflərdə hər hansı bir dəyişiklik yoxdur. Təminatlar olduğu kimi qalıb və hissə-hissə ödəniş imkanları var. Vətəndaşlar ödənişlərini hissələrə bölüb daha rahat edə bilərlər.
Sadəcə, sürücünün yaşı aşağıdırsa, sürücülük təcrübəsi azdırsa, avtomobilin ili köhnədirsə, bu kimi meyarlara görə qiymətlər nisbətən fərqli, yuxarı ola bilər çünki burada risk daha yüksəkdir. Amma yenə də dediyim kimi, daha əvvəllər də bu qayda tətbiq olunurdu. Ona görə bu artıq elə bir ciddi dəyişiklik deyil. Amma gələcəkdə planlaşdırılır ki, kasko sığorta da elektron şəklində əldə olunsun, müştərilər üçün əlçatan olsun”, - ekspert əlavə edib.


