Azərbaycanda bu sığorta şirkəti ləğv olunur

Azərbaycanda bu sığorta şirkəti ləğv olunur

“Bakı Sığorta” ASC ləğv olunduğunu elan edir.

Bu barədə ASC özü elan yayıb.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sentyabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Bakı Sığorta” ASC-nin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Oktyabrın 7-də isə “Bakı Sığorta” ASC-nin İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqında iştirakına xitam verilib və şirkət büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97 %), Behbud Nəcəfov (6,93 %) və “Ekolizinq” MMC-dir (6,68 %). Şirkətin qanuni təmsilçisi Şeydabəyov Oqtay Pirmurad oğludur.