Komitə sosial şəbəkədə yayılan məlumatlarla bağlı AÇIQLAMA VERDİ
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Vətəndaşlarla iş və strateji kommunikasiya şöbəsindən bildirilib ki, 23 sentyabr 2026-cı il tarixində bəzi saytlarda ictimai fəal kimi təqdim edilən Haldun Novruzzadənin sosial şəbəkə səhifəsində paylaşdığı şəxsi fikirlərinə istinadən birtərəfli qaydada yazılı material yayılıb.
Məsələ ilə Komitədən bildirilib ki, 22 sentyabr 2026-cı il tarixində “Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi “Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat və Mikromobilliyin İnteqrasiyası” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə şəhərdaxili nəqliyyat sıxlığının azaldılması, ictimai nəqliyyat və mikromobilliyin inteqrasiyası, infrastrukturun inkişafı, piyada hərəkətliliyinin təşviqi və yol hərəkəti təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində AYNA-nın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, eləcə də nəqliyyat ekspertləri iştirak ediblər. Tədbirdə şəhər mobilliyinin inkişafı, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mikromobillik infrastrukturunun genişləndirilməsi, gənclər arasında mikromobillik mədəniyyətinin təşviqi və təhlükəsiz hərəkət mühiti kimi mövzular müzakirə olunub.
Müzakirələr zamanı tədbirdə iştirak edən ictimai fəal Haldun Novruzzadə tərəfindən əhali artımı, yolların inşası və yeni tikintilərlə bağlı bir sıra suallar səsləndirilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsini təmsil edən Çingiz Rəhimov tərəfindən cavab olaraq Bakı şəhərinin Baş planında nəzərdə tutulmuş nəqliyyat həlləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Baş planda bütün Bakı şəhərinin yeni nəqliyyat planlaşdırma strukturu qurulmuş, burada həm ictimai nəqliyyatın, o cümlədən şəhərətrafı dəmir yolunun və metro nəqliyyatının inkişafı, küçə-yol şəbəkəsinin əlaqəliliyinin təmin olunması və yeni bağlantı yollarının yaradılması ilə paytaxtın nəqliyyat çətinliklərinin həlli üçün bir sıra mühüm tədbirlər nəzərdə tutulur.
Eyni zamanda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, bu Dövlət Proqramı baş planda nəzərdə tutulmuş nəqliyyat həllərini də özündə ehtiva edir.
Qeyd edilib ki, Dövlət Proqramında və Baş planda Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə 10 yeni metro stansiyasının inşası, şəhərətrafı dəmir yollarının yenidən qurulması, “Mehdiabad-Ağ Şəhər”, “Dairəvi-1”, “Sabunçu-Sulutəpə”, “Masazır-Xırdalan” və digər başqa avtomobil yollarının, eləcə də Xırdalan şəhərini və paytaxtın bir sıra ərazilərini əhatə edən yeni yol qovşaqlarının və bağlantı yollarının inşası nəzərdə tutulub ki, bu tədbirlərin həyata keçirilməsi ilə gələcəkdə nəqliyyat sıxlığının azaldılması proqnozlaşdırılır.
Yeni tikintilərə gəlincə, bildirilib ki, bütün dünyada olduğu kimi, ölkəmizin artan dinamik inkişafı fonunda əhalinin mənzil tələbatının qarşılanması dövlətimizin əsas prioritetlərindən biridir və bununla bağlı Baş planda bir sıra məsələlər nəzərdə tutulub. Tikintilərin aparılması ilə bağlı məsələlər də məhz Baş plana və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi tərəfindən verilmiş məlumatlar tədbir iştirakçılarının əksəriyyətinin yüksək marağına səbəb olub və Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Komitənin gördüyü işlər müsbət qarşılanıb.
Qeyd edilən müzakirələr və səsləndirilən fikirlərin qeydləri panel müzakirələrin video çəkilişlərində də əks olunmasına baxmayaraq, təəssüflə bildirilməlidir ki, ictimai fəal Haldun Novruzzadə özünün sosial şəbəkə hesabındakı paylaşımında Komitənin nümayəndəsi tərəfindən səsləndirilən fikirləri təhrif edib, onu tam fərqli məzmunda və tərzdə təqdim edib.


