Şəhər nəqliyyatında əlçatanlığı: AYNA tərəfindən icra edilən layihələr

Şəhər nəqliyyatında əlçatanlığı:
Şəhər nəqliyyatında əlçatanlığın təmin olunması baxımından vacib olan məqamlardan biri də küçə yol şəbəkəsinin uyğunluğudur. 
Hərəkət qabiliyyəti məhdud, görmə və ya eşitmə qabiliyyətini itirmiş, əlil şəxslər üçün yaşayış yerlərində əlverişli şəraitin yaradılması, sərbəst hərəkət etmələri üçün infrastrukturun, səkilərin yolun hərəkət hissəsi ilə uyğunlaşdırması məqsədilə yenidən qurulan, əsaslı təmir edilən küçə və prospektlərdə əlçatan mühitin yaradılması istiqamətində AYNA tərəfindən  layihələr icra edilir. 
Əlilliyi olan şəxslərin istifadəsi ücün pandusla təchiz edilmiş 1200-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır. 
Həmçinin 500-dən çox avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə həyata keçirilən avtobus sayının artırılması istiqamətində texniki və digər zəruri işlər görülür. 
Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir.

Parklanma məntəqələrində fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün qanuna uyğun olaraq xüsusi yerlər ayrılıb və müvafiq yol nişanları ilə təchiz edilib. “AzParking” mobil tətbiqində onlar üçün nəzərdə tutulan yerlər də xüsusi rənglə göstərilir.

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar müvafiq qaydada cərimələnirlər.