Azərbaycanda 9 ayda 101 akkreditasiya attestatı rəsmiləşdirilib

Azərbaycanda 9 ayda 101 akkreditasiya attestatı rəsmiləşdirilib

Hazırda ölkədə qüvvədə olan akkreditasiya attestatlarının 184-ü sınaq laboratoriyalarının, 36-sı kalibrləmə laboratoriyalarının, 94-ü isə inspeksiya orqanlarının payına düşür.

BusinessTime xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Keyfiyyət üzrə meneceri Ləman Salmanova Bakıda keçirilən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” adlı tədbirdə deyib.

O bildirib ki, məhsulların sertifikatlaşdırılması üzrə qurumlara 20, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 20, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə təşkilatlara isə 15 attestat verilib:

"2026-cı ilin yanvar-sentyabr aylarında akkreditasiya ilə bağlı 92 müraciət qeydə alınıb və 101 attestat təqdim edilib.

Həmin müddətdə sınaq laboratoriyalarına 52, kalibrləmə laboratoriyalarına 27 attestat verilib. Bundan əlavə, mal, xidmət və işlərin sertifikatlaşdırılması üzrə qurumlara 8, idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə təşkilatlara 4, fiziki şəxslərin sertifikatlaşdırılması üzrə orqanlara 4, inspeksiya qurumlarına isə 6 attestat təqdim olunub".