"WhatsApp"da mesajların redaktəsi asanlaşıb, 15 dəqiqəlik limit saxlanılıb

"WhatsApp"ın Android versiyasında mesajları əlavə menyuya keçmədən redaktə etmək mümkün olub. Redaktə üçün 15 dəqiqəlik vaxt limiti dəyişməyib.

"WhatsApp"da mesajların redaktəsi asanlaşıb, 15 dəqiqəlik limit saxlanılıb
Foto: Patrulaz.az

"WhatsApp" Android istifadəçiləri üçün göndərilmiş mesajların redaktəsini asanlaşdıran yenilik təqdim edib. Bu barədə BusinessTime "Patrulaz.az"a istinadən xəbər verir.

Yenilikdən sonra istifadəçi mesajın üzərinə basıb saxladıqda yuxarı paneldə silmə işarəsinin yanında qələm işarəsi görünür. Həmin işarəyə toxunmaqla əlavə menyuya keçmədən mesajı redaktə etmək mümkündür.

Əvvəllər göndərilmiş mətni dəyişmək üçün mesajın üzərinə basıb saxlamaq, sonra yuxarı sağ küncdəki üç nöqtəyə toxunmaq lazım idi. İstifadəçi açılan menyudan “Redaktə et” bölməsini seçdikdən sonra mətnə düzəliş edə bilirdi.

Mesajların redaktəsi üçün 15 dəqiqəlik vaxt limiti qüvvədə qalır. Dəyişdirilmiş mesajlar əvvəlki kimi qarşı tərəfə “Redaktə edildi” qeydi ilə göstərilir.

Yenilik hələlik yalnız Android istifadəçiləri üçün əlçatandır. “iPhone”da mesajların redaktəsi qaydasında isə dəyişiklik edilməyib.