Azərbaycanın ixracı 9 ayda 38,1 faiz artaraq 25 milyard dolları ötüb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracı 25 milyard 552,6 milyon ABŞ dollarına çatıb. İdxal isə 20,4 faiz azalaraq 13 milyard 345,9 milyon ABŞ dolları olub.

Azərbaycanın ixracı 9 ayda 38,1 faiz artaraq 25 milyard dolları ötüb
Foto: Dövlət Statistika Komitəsi

Azərbaycanın ixracı 2026-cı ilin yanvar-sentyabr aylarında nominal ifadədə 38,1 faiz artaraq 25 milyard 552,6 milyon ABŞ dollarına çatıb. Bu barədə BusinessTime Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Doqquz ayda idxal nominal ifadədə 20,4 faiz azalaraq 13 milyard 345,9 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsi 38 milyard 898,5 milyon ABŞ dolları, ixracın idxalı üstələdiyi məbləğ isə 12 milyard 206,7 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artsa da, real ifadədə 14,7 faiz azalıb. İxracda real artım 5,4 faiz, idxalda real azalma isə 37 faiz təşkil edib. Azərbaycanın hüquqi və fiziki şəxsləri 178 ölkədəki tərəfdaşlarla ticarət aparıb, 127 ölkəyə məhsul ixrac edib və 169 ölkədən məhsul gətirib.

Qeyri-neft-qaz məhsullarının ixracı nominal ifadədə 2,5 dəfə artaraq 6 milyard 651,6 milyon ABŞ dollarına yüksəlib. Bu sahədə real artım 76,9 faiz olub. İşlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızılın ixrac dəyəri 3 milyard 781,6 milyon ABŞ dolları təşkil edib. Qızıl ixracı nominal ifadədə 15,9 dəfə, real ifadədə isə 6,9 dəfə artıb.

Təzə meyvə ixracından 441 milyon ABŞ dolları, təzə tərəvəzdən 185,7 milyon ABŞ dolları, pambıq lifindən isə 151,4 milyon ABŞ dolları gəlir əldə olunub. Azərbaycana 943,2 milyon ABŞ dolları dəyərində 50 min 898 minik avtomobili gətirilib. Avtomobil idxalı real ifadədə 34,9 faiz, nominal ifadədə 34,1 faiz azalıb. İdxal olunan digər məhsullar arasında 340,7 milyon ABŞ dollarlıq dərman vasitələri, 224 milyon ABŞ dollarlıq buğda və 177,2 milyon ABŞ dollarlıq bitki yağları da yer alıb.