Milli Depozit Mərkəzi RƏSMİ AÇIQLAMA YAYDI
Bəzi media orqanlarında Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində yeni kadr təyinatlarının həyata keçirilməsi ilə bağlı yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.
Qurum bildirir ki, 2026-cı ilin mart ayında Milli Depozit Mərkəzinin təşkilati strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, bu çərçivədə bir sıra struktur bölmələrinin, o cümlədən müvafiq departamentlərin adları dəyişdirilmişdir.
Təşkilati strukturda edilmiş dəyişikliklərə uyğun olaraq, Milli Depozit Mərkəzinin rəsmi internet səhifəsində aidiyyəti əməkdaşların vəzifə adları yeni struktur bölmələrinin adlarına uyğunlaşdırılmışdır. Sözügedən dəyişikliklər yeni kadr təyinatı deyil, yalnız təşkilati strukturun yenilənməsindən irəli gələn vəzifə adlarının texniki uyğunlaşdırılması xarakteri daşıyır.
Təəssüf ki, bəzi media orqanları rəsmi internet səhifəsində əks olunan bu dəyişiklikləri Milli Depozit Mərkəzi ilə dəqiqləşdirmədən yeni təyinat kimi təqdim etmişdir.
Milli Depozit Mərkəzi media nümayəndələrini qurumun fəaliyyəti və kadr məsələləri ilə bağlı məlumatları yayımlamazdan əvvəl rəsmi mənbələr əsasında dəqiqləşdirməyə çağırır.
Qeyd edirik ki, Milli Depozit Mərkəzində həyata keçirilən mühüm struktur və kadr dəyişiklikləri barədə ictimaiyyətə məlumat qurumun rəsmi kommunikasiya kanalları vasitəsilə təqdim edilir.


