Atasının xatirəsini uğurları ilə yaşadan şəhid oğlu – “Eynşteyn vizası” alan Oruc İbrahimov danışır
Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhid olan Cavanşir İbrahimovun oğlu Oruc İbrahimov öz peşəkar fəaliyyəti və qazandığı uğurlarla beynəlxalq səviyyədə diqqət çəkib.
O, ABŞ-də xüsusi istedada malik şəxslər üçün nəzərdə tutulan "EB-1 - Extraordinary Ability", ictimaiyyət arasında "Eynşteyn vizası" kimi tanınan vizanı əldə edib.
Bu, Birləşmiş Ştatlarda ən üst kateqoriya viza hesab olunur və öz sahəsində yüksək peşəkarlıq, beynəlxalq tanınma qazanmış mütəxəssislərə ABŞ-də daimi yaşamaq və fəaliyyət göstərmək hüququ verir.
Oruc İbrahimov Oxu.Az-a müsahibəsində bu uğura gedən yoldan, peşəkar fəaliyyətindən, əldə etdiyi nailiyyətlərdən və qarşısına qoyduğu yeni məqsədlərdən danışıb.

O bildirib ki, hazırda strateji idarəetmə və biznes konsaltinq sahəsində fəaliyyətini davam etdirir:
- İllər ərzində həm özəl sektorda müxtəlif rəhbər vəziyyətlərdə, o cümlədən marketinq, ictimaiyyətlə əlaqələr və innovativ həllərin inkişafı istiqamətlərində məsləhətçi və departament rəhbəri olaraq fəaliyyət göstərmişəm. Bu gün fəaliyyətimi daha geniş miqyasda - xüsusilə ABŞ və beynəlxalq bazarlarda genişləndirmək üzərində cəmləmişəm. Paralel olaraq, müharibədən əziyyət çəkmiş insanlara dəstək olacaq sosial layihələr və texnoloji-biznes həlləri üzərində işləyirəm.
- EB-1 "Extraordinary Ability" vizasını almağınız sizin üçün nə ifadə edir?
- Bu uğur mənim üçün sadəcə bir viza və ya miqrasiya statusu deyil. Bu, illər ərzində çəkdiyim zəhmətin, inamımın və heç vaxt vaz keçmədiyim arzularımın beynəlxalq səviyyədə dəyərləndirilməsidir.
Bir şəhid övladı olaraq həmişə başqa şəhid övladlarına nümunə olmağa, onlara ümid verməyə çalışmışam. Bəli, həyatda qarşımıza sədlər çəkildiyi, uğurlarımıza mane olmaq istəyən insanlarla və ədaləti sorğuladığımız məqamlarla qarşılaşdığımız vaxtlar olub. Amma bütün bunlara baxmayaraq, inanmışam ki, insan daxili əzmlə çalışdıqda və mübarizəsini davam etdirdikdə qarşısında yeni yollar aça bilər. Bəzən ən böyük cavab uzun-uzadı sözlər deyil, əldə etdiyin nəticə olur.
İstəyirəm ki, bu uğur hər bir şəhid övladının daxilindəki böyük potensialı və işıqlı gələcəyi xatırladan bir mesaj olsun: "Sən də bacara bilərsən!"
Haradan gəldiyiniz deyil, hara getmək istədiyiniz və bunun üçün nə qədər mübarizə apardığınız önəmlidir. Özünüzə inanın və arzularınızdan əsla vaz keçməyin.

- Bu vizanı əldə etmək üçün hansı peşəkar nailiyyətləriniz əsas rol oynadı?
- EB-1 vizası üzrə qiymətləndirmədə əsas rol oynayan amil mənim texnoloji yöndə ixtisaslaşmağım və biznes proseslərinin rəqəmsallaşdırılması sahəsindəki fəaliyyətim oldu.
Mən illərdir ki, ənənəvi biznes modellərinin rəqəmsal formata keçirilməsi, innovativ rəqəmsal məhsulların sıfırdan qurulması və effektiv rəqəmsal ekosistemlərin tətbiqi üzrə çalışıram. Müxtəlif miqyaslı layihələrdə mürəkkəb texniki həlləri biznes strategiyaları ilə birləşdirərək, şirkətlərin rəqəmsal transformasiyasına rəhbərlik etmişəm.
Məhz bu texniki və strateji yanaşmanın nəticəsində ortaya çıxan innovativ rəqəmsal həllər, yaratdığım ölçüləbilən biznes dəyəri, beynəlxalq standartlara cavab verən təcrübəm və sahəyə gətirdiyim yeniliklər bu vizanın tələblərinə cavab verməyimdə həlledici rol oynadı.
- Müraciət və qiymətləndirmə mərhələsi necə keçdi?
- Olduqca ciddi, həssas və böyük diqqət tələb edən bir proses idi. EB-1 kateqoriyası ABŞ immiqrasiya sistemində ən yüksək tələbləri olan sahələrdən biridir, çünki burada iddia etdiyiniz hər bir uğur rəsmi və təkzibedilməz sübutlarla təsdiqlənməlidir.
Hazırlıq mərhələsində illər ərzində rəqəmsallaşma və texnologiya sahəsində həyata keçirdiyim layihələr, yaratdığım biznes dəyəri, beynəlxalq və yerli ekspert rəyləri, eləcə də mətbuatda çıxan materiallar sistemli şəkildə toplandı. Təqdim olunan portfel mənim sahəmdəki müstəsna bacarıqlarımı və beynəlxalq miqyasda yarada biləcəyim dəyəri aydın şəkildə göstərməli idi.
Bütün bu mürəkkəb və gərgin hazırlıq prosesinin sonunda USCIS (ABŞ İmmiqrasiya Xidməti) tərəfindən müraciətimin qısa müddətdə və müsbət qiymətləndirilməsi çəkilən bütün əməyin ən böyük mükafatı oldu.
- Fəaliyyətinizi məhz ABŞ-də davam etdirmək qərarını nə ilə əlaqələndirirsiniz?
- Qərarım həm peşəkar, həm də strateji hədəflərimlə bağlıdır. ABŞ dünyada texnologiya, rəqəmsal transformasiya və vençur ekosisteminin mərkəzidir. Burada yaradılan innovativ mühit, resurslar və geniş imkanlar layihələri daha sürətlə miqyaslandırmağa (scaling) imkan verir.
Mənim əsas məqsədim illər ərzində rəqəmsallaşma sahəsində topladığım təcrübəni və texnoloji alətləri ABŞ bazarında tətbiq etmək, yeni qlobal layihələr qurmaqdır. Eyni zamanda, bu platforma mənə təkcə biznes sahəsində deyil, həm də üzərində işlədiyim sosialyönümlü təşəbbüsləri beynəlxalq səviyyəyə çıxarmaq və daha böyük fayda yaratmaq üçün unikal fürsət verir.
- Azərbaycandakı peşəkar fəaliyyətinizlə ABŞ-dəki fəaliyyətiniz arasında hansı fərqlər var?

- Əsas fərq layihələrin miqyasında, bazarın dinamikasında və ekosistemin imkanlarındadır.
Azərbaycandakı fəaliyyətim mənim üçün çox möhkəm bir bünövrə oldu. Orada iri şirkətlərdə və holdinqlərdə rəqəmsal transformasiya layihələrinə rəhbərlik edərək, prosesləri sıfırdan qurmaq, mürəkkəb problemlərə çevik texnoloji həllər tapmaq və strateji idarəetmə təcrübəsi qazandım.
ABŞ-dəki fəaliyyət isə daha çox qlobal miqyas, yüksək rəqabət və innovasiyaların sürətli tətbiqi ilə fərqlənir. Hazırda da süni intelekt inkişafında ABŞ dünyada aparıcı ölkədir. Burada təkcə lokal bir bazara deyil, birbaşa qlobal auditoriyaya xitab edən texnoloji məhsullar və rəqəmsal platformalar üzərində çalışıram. Bir sözlə, Azərbaycanda qazandığım dərin təcrübəni və texniki bazanı indi ABŞ-ın təqdim etdiyi qlobal imkanlarla birləşdirirəm.
- Hazırda üzərində çalışdığınız sosialyönümlü platforma hansı problemin həllini hədəfləyir?
- Platformanın əsas məqsədi müharibədən əziyyət çəkmiş insanların - şəhid ailələrinin və yaralanmış qazilərin maliyyə, tibbi və məişət problemlərinə davamlı həll yolu tapmaqdır.
YAŞAT və digər bu kimi fondlar çox vacib işlər görüb, lakin toplanan vəsaitlər nə qədər çox olsa da, ehtiyaclar bitmir və maliyyə dəstəyi artıq tükənib. Yaralanmış qazilərin müalicəsi, reabilitasiyası və tibbi prosedurları fasiləsiz maliyyə dəstəyi tələb edir. Eyni zamanda, ailə başçısını itirmiş şəhid övladlarının keyfiyyətli təhsil alması böyük xərcdir: bir çoxu özəl və ya ödənişli əsaslarla ali məktəblərə daxil olur və bu təhsil haqqını ödəmək ailələr üçün çox ağır yükə çevrilir.
Bu, mənə çox yaxşı tanış olan bir reallıqdır. Mən özüm də qəhrəman şəhidin övladıyam. Anamın təkbaşına iki oğul böyüdərkən çəkdiyi əziyyəti gözlərimlə görmüşəm. Ali məktəbə qəbul olarkən ödənişli ixtisasa düşmüşdüm və təhsilhaqqı ödəyib oxumağın nə dərəcədə çətin olduğunu öz təcrübəmdən bilirəm.
Məhz buna görə də biz birdəfəlik yardımlarla kifayətlənməyən, qazilərin müalicəsini və şəhid övladlarının təhsil haqlarını sistemli, şəffaf və davamlı şəkildə qarşılayan rəqəmsal bir platforma üzərində çalışırıq.

- Platforma konkret olaraq müharibədən zərər çəkmiş insanlara necə dəstək göstərəcək?
- Platforma dəstək prosesini tam şəffaf, ünvanlı və davamlı şəkildə 4 əsas istiqamətdə reallaşdıracaq:
1. Fasiləsiz maliyyə axınının təmin edilməsi (əsas prioritet) - (Ən böyük problem yardımların birdəfəlik olması və resursların zamanla bitməsidir. Platformamız müasir rəqəmsal alətlər vasitəsilə sistemə davamlı və fasiləsiz maliyyə axını cəlb edəcək);
2. Təhsil haqqının birbaşa ödənilməsi - (Şəhid övladlarının ali məktəb və ya peşə təhsili xərcləri vasitəçisiz, birbaşa təhsil müəssisəsinin hesabına köçürüləcək. Bu, gənclərin maddi çətinlik çəkmədən təhsillərinə fokuslanmasını təmin edəcək);
3. Qazilərin müalicə və reabilitasiya xərcləri - (Yaralanmış qazilərimizin davamlı tibbi prosedurları, dərman və reabilitasiya ehtiyacları sistem üzərindən birbaşa səhiyyə ocaqları ilə inteqrasiya olunaraq maliyyələşdiriləcək);
4. Məişət və təcili ehtiyaclar üçün birbaşa dəstək - (Ailələrin gündəlik mühüm məişət və sosial ehtiyacları rəqəmsal müraciət sistemi ilə təsdiqlənib operativ şəkildə qarşılanacaq).
Ən əsası, "blockchain" və müasir rəqəmsal alətlər sayəsində həm ianə edənlər, həm də kömək alanlar vəsaitlərin hara və necə xərcləndiyini real vaxt rejimində görə biləcəklər. Bu da etibarlılığı, şəffaflığı və davamlılığı təmin edəcək.
- Bu layihəni nə vaxt istifadəyə verməyi planlaşdırırsınız?
- Hər bir böyük dəyişiklik ilk növbədə aydın bir ideyadan və baxışdan başlayır. Ən vacibi odur ki, ideya artıq var və mən bu mürəkkəb problemi texnoloji olaraq necə həll edəcəyimizi dəqiq bilirəm.
Hazırda yolun başlanğıcındayıq, platformanın arxitekturası və texniki tapşırıqları üzərində intensiv iş gedir. Bu, sadəcə bir veb-sayt deyil, maliyyə və şəffaflıq mexanizmlərini birləşdirən mürəkkəb bir rəqəmsal ekosistemdir. Qarşıda həll edilməli texniki məsələlər var, lakin təcrübəmizə və komandamıza güvənərək bu mərhələləri sürətlə keçəcəyimizə inanıram.
- Layihənin Azərbaycanda da tətbiqi nəzərdə tutulurmu?
- Əlbəttə. Əslində bu ideya məhz Azərbaycandakı mövcud mənzərəni və xeyriyyə fondlarının fəaliyyətini illərlə müşahidə etməyim nəticəsində yarandı.
Biz görürük ki, YAŞAT və Qarabağ Dirçəliş Fondu kimi qurumlar yaradılarkən çox vacib missiyalar öhdələrinə götürüblər. Lakin günümüzün tələbi odur ki, bu cür sosial və bərpa layihələri 21-ci əsrin ən son rəqəmsal standartları ilə idarə olunsun. Məsələn, proseslərin ilk mərhələlərində tətbiq olunan real vaxt rejimində şəffaflıq və hesabatlılıq mexanizmlərinin davamlılığı, eləcə də resursların daha müasir, strateji və innovativ istiqamətlərə yönəldilməsi böyük əhəmiyyət kəsb edir.
Mənim məqsədim bu sistemləri tənqid etmək deyil, əksinə, rəqəmsallaşdırma sahəsindəki beynəlxalq təcrübəmi tətbiq edərək həyata keçirilən prosesləri daha şəffaf, effektiv və müasir formaya salmaqdır. Platformamız ilk növbədə məhz Azərbaycandakı insanlara fayda vermək və burada yeni, daha etibarlı bir ekosistem formalaşdırmaq üçün nəzərdə tutulub.
- Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir İbrahimovun oğlu kimi, bu layihənin sizin üçün xüsusi mənası, prioriteti nədir?

- Layihə mənim üçün sadəcə bir biznes və ya texnoloji təşəbbüs deyil, bu, mənim həyat missiyamdır.
Atam Cavanşir İbrahimov Birinci Qarabağ müharibəsində vətən uğrunda canından keçib. Mən şəhid övladı olaraq böyümüşəm və bu statusun arxasında duran bütün ağrıları, çətinlikləri, atasızlığın verdiyi məişət və mənəvi yükü çox yaxşı bilirəm. Anamın bizi böyüdərkən çəkdiyi əziyyətləri, təhsil almaq üçün keçdiyimiz çətin yolları hər an xatırlayıram.
Bu layihə atamın və onun kimi qəhrəmanlarımızın əziz xatirəsinə yaşatdığım mənəvi bir borcdur. İstəyirəm ki, atamın adı və ruhu şad olsun, çünki onun oğlu bu gün başqa şəhid övladlarının və qazilərimizin həyatını asanlaşdırmaq üçün çalışır.
- Uğur qazanmaq istəyən gənclərə hansı tövsiyələri verərsiz? Uğurun açarı sizcə nədir?
- Uğurun tək bir formulu yoxdur, lakin mənim üçün onun açarı daxili intizam, dözümlülük və nəyi dəyişdirə biləcəyini doğru anlamaqdadır.
Son illərdə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları ilə tez-tez görüşlərim olur. Hər belə görüşdə onlara kiçik də olsa bir xatirə - kitablar və ya məktəb ləvazimatları hədiyyə etməyə çalışıram. Hələ tələbəlik illərimdə hörmətli professorlardan birinin tövsiyəsi ilə oxuduğum bir kitabı onlara bağışlayarkən, daxilində öz əlimlə bu sözləri yazmışdım:
"Dəyişə bilməyəcəyinizi qəbul edin, dəyişə biləcəklərinizi dəyişmək üçün cəsarətli olun. Bu ikisi arasında fərqi anlamaq üçün isə müdrik olmalısınız. Sizdən biri, Oruc İbrahimov".
Gənclərə və xüsusilə şəhidlərimizin yadigar qoyub getdiyi övladlara əsas tövsiyəm budur: keçmişi və ya başımıza gələn acı reallıqları dəyişə bilmərik. Lakin öz gələcəyimizi, təhsilimizi, kimə çevriləcəyimizi və bu cəmiyyətə verəcəyimiz faydanı dəyişmək yalnız öz əlimizdədir. Cəsarətli olun, arzularınızın arxasınca gedin və hər zaman müdrikliklə doğru yolu seçin.

- Gələcəkdə fəaliyyətinizi Azərbaycanla hansı formada əlaqələndirməyi düşünürsünüz?
- Mənim ABŞ-dəki fəaliyyətim Azərbaycandan ayrılmaq deyil, əksinə, ölkəmiz üçün yeni qlobal qapılar açmaq deməkdir. Mən bu fəaliyyəti bir texnoloji və biznes körpüsü kimi görürəm.
Birincisi, üzərində işlədiyimiz rəqəmsal sosial platformanın ilk və əsas tətbiq ünvanı Azərbaycan olacaq. Şəhid övladlarımıza və qazilərimizə davamlı dəstək mexanizmini məhz burada tam formalaşdıracağıq.
İkincisi, Silikon Vadisi və ABŞ-ın innovasiya ekosistemində qazandığım təcrübəni, beynəlxalq əlaqələri və modern idarəetmə metodlarını Azərbaycanın rəqəmsal mühitinə transfer etmək niyyətindəyəm.
- Növbəti əsas peşəkar hədəfiniz nədir?
- Mənim üçün növbəti mərhələ iki vacib istiqaməti birləşdirir. Birincisi, texnoloji sahədəki biliklərimi sosial faydaya çevirərək rəqəmsal platformamızın uğurlu tətbiqinə nail olmaqdır.
İkincisi isə mənəvi bir hədəfdir, artıq bir müddətdir ki, bədii roman yazıram. Bu əsər mənim daxili dünyamın, yaşadığım təcrübələrin və həyat fəlsəfəmin bir təcəssümüdür. Yaxın gələcəkdə kitabı bitirmək və insanlara təkcə rəqəmsal layihələrimlə deyil, həm də sözün, ədəbiyyatın gücü ilə toxunmaq əsas arzularımdan biridir.


