Azərbaycan Vyetnamla investisiya və elektrik nəqliyyatı imkanlarını müzakirə edib
Azərbaycan nümayəndə heyəti Hanoyda iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaları müzakirə edib. Görüşlərdə elektrik nəqliyyatı, daşınmaz əmlak və bərpa olunan enerji sahələrinə də toxunulub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Hanoyda Vyetnamla iqtisadi əlaqələrin və investisiya imkanlarının genişləndirilməsini müzakirə edib. Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Viet Son ilə görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı və şaxələndirilməsi məsələlərinə baxılıb. Tərəflər qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Sənaye, enerji, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.
Nümayəndə heyəti “VinGroup”un sədr müavini, şirkətin qlobal yaşıl nəqliyyat strukturu olan “Green Smart Mobility”nin (GSM) İdarə Heyətinin sədri Nguyen Quoc Tuan ilə də görüşüb. Müzakirələr Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması, daşınmaz əmlakın inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını əhatə edib.
Vyetnamın “ROX Group” şirkətinin baş icraçı direktorunun müavini Nguyen Viet Son ilə görüşdə isə şirkətin Azərbaycandakı investisiya imkanlarına baxılıb. Tərəflər daşınmaz əmlak və bərpa olunan enerji sahələrində mümkün layihələrin perspektivlərini müzakirə ediblər.


