Əmanətçilər hansı banklara üz tutur, hansılardan pul çıxarır? - Renkinq

Əmanətçilər hansı banklara üz tutur, hansılardan pul çıxarır?

Bu ilin ikinci rübündə Azərbaycan banklarının depozit portfelində ciddi fərqlənmə müşahidə olunub. Bəzi banklar üç ay ərzində yüz milyonlarla, hətta 1 milyard manatdan artıq əlavə depozit cəlb etdiyi halda, bir sıra banklar depozit bazasının bir hissəsini itirib.

BusinessTime bankların maliyyə hesabatları əsasında apardığı hesablamaya görə, təhlil edilən 21 bankın ümumi depozit portfeli 2026-cı ilin birinci rübünün sonundakı 37 milyard 568 milyon manatdan ikinci rübün sonunda 39 milyard 743,4 milyon manata yüksəlib.

Beləliklə, üç ay ərzində bankların depozit portfeli 2 milyard 175,4 milyon manat və ya 5,8% artıb. Lakin rəqəmlər göstərir ki, bu artım bütün banklar üzrə bərabər paylanmayıb.

Depozit axınının əsas ünvanı "Kapital Bank" olub

İkinci rübdə mütləq ifadədə ən böyük depozit artımı Kapital Bankda qeydə alınıb. Bankın depozit portfeli 8 milyard 495,2 milyon manatdan 9 milyard 951,2 milyon manata çatıb.

Beləliklə, Kapital Bank cəmi üç ay ərzində depozit portfelini 1 milyard 456 milyon manat və ya 17,1% artırıb.

Bu artımın miqyasını göstərən əsas məqam odur ki, təhlil edilən 21 bank üzrə ümumi 2 milyard 175,4 milyon manatlıq xalis artımın təxminən 67%-i təkcə Kapital Bankın payına düşür.

Məbləğ baxımından ikinci ən böyük artım PAŞA Bankda olub. Bankın depozitləri 305,5 milyon manat və ya 4,4% artaraq 7 milyard 216,2 milyon manata yüksəlib.

ABB isə depozit portfelinə 247,4 milyon manat əlavə edib. Bankın depozitləri 9 milyard 9,7 milyon manatdan 9 milyard 257,1 milyon manata çatıb ki, bu da 2,7% artım deməkdir.

Ziraat Bank Azərbaycan 159,8 milyon manat, Bank of Baku isə 135,7 milyon manat əlavə depozit cəlb edib.

Faizlə ən sürətli artım "AFB Bankda"dır

Məbləğ deyil, artım tempi əsas götürüldükdə isə sıralama dəyişir.

Depozit portfelini faizlə ən çox artıran AFB Bank olub. Bankın depozitləri 274,3 milyon manatdan 342,3 milyon manata yüksələrək 24,8% artıb.

Ziraat Bank Azərbaycanda artım 22,6%, Kapital Bankda 17,1%, Bank of Baku-da 16,7%, Expressbank-da 14,3%, Yapı Kredi Bank Azərbaycanda 13,9%, Bank VTB (Azərbaycan)-da isə 12,1% təşkil edib.

Beləliklə, ikinci rübdə 7 bank depozit portfelini ikirəqəmli faizlə böyüdə bilib.

Xalq Bankdan 193 milyon manatlıq depozit çıxışı

Bazar böyüsə də, bütün banklar bu artımdan yararlana bilməyib. Təhlil edilən 21 bankdan 7-də depozit portfeli azalıb.

Ən ciddi azalma Xalq Bankda qeydə alınıb. Bankın depozit portfeli üç ay ərzində 1 milyard 893,8 milyon manatdan 1 milyard 700,8 milyon manata düşüb.

Beləliklə, Xalq Bankın depozit portfeli 193 milyon manat və ya 10,2% azalıb. Bu, təhlil edilən banklar arasında həm faiz, həm də məbləğ baxımından ən böyük geriləmədir.

Azər Türk Bankda depozitlər 73,7 milyon manat və ya 4,7%, Bank Respublikada isə 54,5 milyon manat və ya 4,7% azalıb.

Yelo Bank 25 milyon manat, AccessBank 11,9 milyon manat, Azərbaycan Sənaye Bankı 6,9 milyon manat depozit itirib. Bank Melli İranın Bakı filialında isə azalma 1,1 milyon manat təşkil edib.

Unibankda vəziyyət faktiki olaraq dəyişməz qalıb. Bankın depozit portfeli cəmi 0,6 milyon manat və ya 0,04% artıb.

Depozitlərin üçdə ikisi 3 bankda cəmləşib

İkinci rübün sonunda Kapital Bankın depozit portfeli 9 milyard 951,2 milyon manat, ABB-nin 9 milyard 257,1 milyon manat, PAŞA Bankın isə 7 milyard 216,2 milyon manat təşkil edib.

Beləliklə, bu üç bankda ümumilikdə 26 milyard 424,5 milyon manat depozit cəmləşib. Bu isə təhlil edilən 21 bankın 39 milyard 743,4 milyon manatlıq ümumi depozit portfelinin təxminən 66,5%-nə bərabərdir.

Rəqəmlər göstərir ki, ikinci rübdə depozit bazarı ümumilikdə böyüsə də, vəsait axını əsasən bir neçə iri bankın xeyrinə olub. Xüsusilə Kapital Bankın 1,46 milyard manatlıq artımı bazardakı ümumi yüksəlişin əsas hissəsini təmin edib.

Eyni zamanda Xalq Bank, Azər Türk Bank və Bank Respublika kimi banklarda depozit portfelinin azalması bazar daxilində vəsaitlərin yenidən bölüşdürülməsi ehtimalını artırır. 

Bankların depozit portfeli üzrə renkinqi tam olaraq aşağıdakı kimidir:

Plat.az