Təhsil sistemi nə qədər insanı əhatə edir?
2026-2027-ci tədris ilində təhsil sistemi 2,2 milyon nəfəri əhatə edir.
BusinessTime xəbər verir ki, bunu təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
Nazir müavini bildirib ki, 1,6 milyon şagird ümumi təhsildə, 260 min şəxs ali təhsildə, 226 min şəxs məktəbəqədər təhsildə, 64 min şəxs orta ixtisas təhsilində, 45 min şəxs isə peşə təhsilində təhsil alır: “Toplam 2,2 milyon nəfər. Eyni zamanda inzibati heyəti və valideynləri də nəzərə alsaq, yəqin ki, təhsil xidməti ən böyük dövlət xidmətlərindən biridir.
Bu il 128 min bizim övladımız, uşağımız birinci sinifə qədəm qoyubdur. Eyni zamanda bu il dövlət büdcəsinin 2027-ci il üçün bizim layihədə xərclərin dövlət büdcəsindəki payı 12% prognozlaşdırılır. ÜDM-də payı isə 3,6% prognozlaşdırılır”.
Nazir müavini əlavə edib ki, əgər 2013-cü ildə məktəbəqədər təhsillə əhatə olunan 1-5 yaş uşaqların çəkisi 16% edisə, bu gün bu rəqəm 42% təşkil edir: “104 mindən çox müəllimin sertifikasiyası həyata keçirilib, 91 mindən çox müəllimin əmək haqqına əlavələr edilib. 2022-ci ildə mövcud infrastrukturu yararsız olan və ya qəzalı məktəblərin sayı 900 idisə, bu gün bu rəqəm təxminən 400 təşkil edir. 300 mindən çox təhsil alan şagird sistem tədrisinə qoşulub. Peşə təhsilinə qəbul 2020-ci ildəki 14,8 min nəfərdən bu il 28 min nəfərə, yəni iki dəfə artmışdır. 78 min nəfər üçün ali təhsilə qəbul imkanı yaradılmışdır. 2022-ci ildə bu rəqəm 54 min nəfər idi”.


