2027-ci ilin dövlət büdcəsində əsas xərc istiqamətləri açıqlanıb

2027-ci ilin dövlət büdcəsində əsas xərc istiqamətləri açıqlanıb

2027-ci ildə Azərbaycanın dövlət büdcəsində bir sıra əsas xərc istiqamətləri üzrə vəsaitlərin artırılması nəzərdə tutulur.

BusinessTime-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Növbəti ilin büdcəsində iqtisadi fəaliyyət xərclərinin 8 milyard 891 milyon manat təşkil edəcəyi və bunun 2026-cı ilin təsdiq olunmuş proqnozundan 13,2% çox olacağı bildirilir. Kənd təsərrüfatı xərcləri isə 1 milyard 379,5 milyon manat nəzərdə tutulmaqla 12,5% artırılır.

Ətraf mühitin mühafizəsinə 438,7 milyon manat ayrılması planlaşdırılır ki, bu da illik müqayisədə 5,5% artım deməkdir. Mənzil və kommunal təsərrüfatı xərcləri 335 milyon manat təşkil edəcək və 0,15% artacaq.

Səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat olması və 2,9% artması nəzərdə tutulur. İcmal büdcədə səhiyyə xərcləri üçün isə 3 milyard 962,8 milyon manat ayrılması planlaşdırılır.

Sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 916 milyon manat təşkil edəcək. Bu istiqamət üzrə artım 0,9% olacaq. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər əlaqəli fəaliyyətlərə ayrılan vəsait isə 645,2 milyon manat olacaq və 2,1% artacaq.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 3 milyard 433,6 milyon manat olması nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 3% çoxdur.

Eyni zamanda, ümumi dövlət xidmətləri üzrə xərclərin 5 milyard 506,3 milyon manat olacağı gözlənilir ki, bu da əvvəlki ilin təsdiq olunmuş proqnozundan 0,2% azdır.