“Prior Leasing” təminatsız 2 milyon manatlıq borc axtarır
“Prior Leasing” ASC 2 milyon manat həcmində istiqraz buraxılışı həyata keçirəcək.
BusinessTime xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listing Komitəsinin qərarı ilə “PRIOR LEASING” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Emissiya çərçivəsində ümumilikdə 20 min ədəd istiqraz dövriyyəyə buraxılacaq. İstiqrazların hər birinin nominal dəyəri 100 manat təşkil edir.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada olacaq. Qiymətli kağızlar üzrə illik gəlirlilik 15% müəyyən edilib. Tədavül müddəti 24 ay, faiz ödənişləri isə aylıq nəzərdə tutulub.
İstiqrazların anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə yaradılıb. Şirkət lizinq xidmətləri, o cümlədən müxtəlif texnika və avadanlıqların maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. “Prior Leasing”in nizamnamə kapitalı 8 milyon manatdır. Şirkətin səhmdarları Afaq Məcidova (99,875%) və İlkin İskəndərovdur (0,125%).


