“Mastercard”ın rəhbərliyində yeni təyinat olub
“Mastercard” bu gün Yasemin Bedirin 1 sentyabr tarixindən etibarən şirkətin Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunun Prezidenti təyin edildiyini elan edib. Şirkətin EEMEA regionu son illərdə genişləndirilib və əlavə bazarların regiona daxil edilməsi ilə hazırda 81 ölkəni əhatə edən, dinamik, çevik və yüksək inkişaf potensialına malik biznesə çevrilib.
“Mastercard”da təxminən 20 illik iş təcrübəsinə malik Bedir həmçinin şirkətin İdarəetmə Komitəsinə qoşulur. O, bu vəzifədə bu yaxınlarda Kommersiya ödənişləri üzrə baş direktor təyin edilən və Kommersiya və yeni ödəniş axınları istiqamətinə rəhbərlik edən Dimitrios Dosisi əvəz edəcək.
Vəzifəsinin icrasını BƏƏ-dən həyata keçirəcək Bedir pərakəndə satış şirkətləri, fintexlər, maliyyə institutları, hökumətlər və bizneslə tərəfdaşlıq münasibətləri çərçivəsində “Mastercard”ın regiondakı fəaliyyətinin bütün istiqamətləri üzrə strategiyaya, fəaliyyət istiqamətinə və ümumi nəticələrinə nəzarət edəcək.
“Yasemin komandalarının potensialını üzə çıxaran və onları müştərilərimiz üçün daha böyük dəyər yaratmağa, eyni zamanda yerli iqtisadiyyatların inkişafına töhfə verməyə ruhlandıran liderdir. Bu, yaradıcı düşüncə, özünü doğrultmuş nəticələr və güclü tərəfdaşlıq münasibətləri tələb edən geniş və mürəkkəb bir regiondur. Yasemin karyerası boyunca bütün bunları uğurla nümayiş etdirib. EEMEA regionunda müştərilərimiz və tərəfdaşlarımızla birlikdə insanların və bizneslərin maliyyə vəsaitlərini hərəkət etdirmə, dəyər mübadiləsi aparma və ticarəti həyata keçirmə üsullarını gələcək illər üçün formalaşdırmaq və yenidən müəyyənləşdirmək üçün qarşımızda böyük imkan var”, - “Mastercard”ın Baş maliyyə direktoru Saçin Mehra bildirib.
Son 4 il ərzində Şərqi Avropa üzrə regional prezident vəzifəsində çalışan Bedir bu bazarlarda “Mastercard”ın liderlik mövqeyini gücləndirmək üçün komandaya mürəkkəb geosiyasi və tənzimləyici mühitdə rəhbərlik edib. Əməkdaşların inkişafına xüsusi önəm verən Yasemin Bedir hesabatlılıq və əməkdaşlığa əsaslanan mədəniyyət formalaşdırmağa nail olub.
Bedir “Mastercard”a 2007-ci ildə qoşulub. “Mastercard”da çalışdığı müddət ərzində Bedir dünyanın müxtəlif bazarlarında fəaliyyət göstərərək zəngin təcrübə və yeni baxışlar qazanıb. O, əvvəlcə şirkətin Türkiyə və Azərbaycan üzrə fəaliyyətinin Baş Direktoru vəzifəsində çalışıb, daha sonra isə təxminən beş il ərzində Şimali Amerikada icma institutları və prosessinq şirkətləri ilə münasibətlərə rəhbərlik edib.
“Mastercard”da çalışdığım komandalar mənim üçün ilham mənbəyi olub. Onların dözümlülüyü, innovativ ruhu və müştərilərin ehtiyaclarını qarşılamaq və üstələmək üçün yorulmaz fədakarlığı gündəlik fəaliyyətimizin və yaratdığımız təsirin əsas hərəkətverici qüvvəsidir. Birlikdə biz, son beş ildə Diminin rəhbərliyi altında regional komandanın yaratdığı möhkəm təməl üzərində inkişaf edəcəyik”, - Bedir deyib.
Karyerasının əvvəlki dövrlərində Bedir Türkiyədə HSBC, “Garanti Bank” və “Yapı Kredi”də çalışıb. O həmçinin Professional Women Network (PWN) şəbəkəsinin təsisçilərindən biri, kiçik və orta bizneslərin inkişafını dəstəkləyən bir sıra layihələrin rəhbəridir.


